• 28 c Bakı
  • 1.7 AZN

"Pişiyin tükü insan orqanizminə düşərsə..." - baytarla müsahibə


  • 05-08-2021 20:26

"Uşağın planşet və ya telefona maraq göstərməsindənsə, ev heyvanıyla vaxt keçirməsi daha xeyirlidir."

Bu sözləri "Nmedia.az"a müsahibəsində baytar Nisanov Vladislav Vladimiroviç deyib.

Nisanov Vladislav Vladimiroviç Bakıda anadan olub. Gəncədə Baytarlıq fakültəsini bitirdikdən sonra təhsilini Sankt-Peterburqda davam etdirib.

O, hazırda Gəncədə əsasən xırda heyvanlar üzrə baytar həkimi olaraq fəaliyyət göstərir:



"Heyvanlara uşaqlıqdan həvəsim var idi. Sənədlərimi 4 qrupa vermişdim, çox da yaxşı bal yığmışdım. O vaxt birinci hansı ixtisası yazırdınsa, oraya da qəbul olunurdun, mən də baytarlıq oldu. 571 balla baytarlığa düşdüm..."

- Ölkəmizdə bəziləri ev heyvanı saxlamaqdan qorxurlar...

İnsanların az məlumatı olduğuna görə ev heyvanlarına yanaşma primitivdir. Bəziləri düşünür ki, nə tüklüdürsə, olmaz - tükü, lələyi töküləcək...

Amma son vaxtlar heyvanlara düzgün yanaşma çoxalıb. İnsanlar daha çox heyvanlara qayğı göstərir, əsasən də çöl heyvanlarına diqqət yetirirlər. Bütün dinlərdə də  heyvanlara diqqət xüsusi vurğulanır. Bu, həm də insanın əhvalına müsbət təsir göstərir. Razılaşaq ki, uşağın planşet və ya telefona maraq göstərməsindən ev heyvanıyla vaxt keçirməsi daha xeyirlidir.



Əgər bəzi xırda məsələlərə diqqət etsək, heç bir heyvandan zərər gəlməz. İldə bir-iki dəfə baytar müayinəsindən keçmək, peyvəndlərin vaxtında vurulması bu qaydalardandır. Bunları etmək böyük xərc də tələb etmir. 

- Sizin qəbulunuza düşmək üçün nə qədər pul ödəmək lazımdır ?

Qəbula düşmək üçün heç bir ödəniş tələb olunmur. Müayinə pulsuzdur.

Çöl heyvanlarına müayinə və müalicəni isə ümumiyyətlə ödənişsiz edirəm. Bunu çöl heyvanlarına olan marağı artırmaq üçün edirəm.

Ümumi götürdükdə isə heyvanı müayinə etdirmək və lazımi peyvəndləri vurdurmaq təxminən 15 manata başa gəlir. 



- Küçə heyvanlarına sahiblənə bilərik ?

Əlbəttə. Birinci, gigiyena qaydalarına bütün hallarda riayət olunmalıdır. Heyvanla təmasdan sonra əllər yuyulmalıdır. İkinci məsələ isə peyvənd məsələsidir. İldə bir dəfə quduzluq əleyhinə peyvənd olunmalıdır. 

Məsələn, çölə çıxıb evə qayıdan pişiyi saxlayırsansa, təmizliyə riayət etməlisən. Bir stereotip var ki, heyvanın tükü insan orqanizminə düşsə, o insan ölə bilər. Bəli, belə bir şey var, amma bu, təkcə qadınlara aiddir və çox nadir hallarda baş verə bilir. Əgər pişikdə "trixamanoz" xəstəliyi varsa və əgər bir qadının orqanizminə həmin pişiyin tükü düşərsə, gələcəkdə qadının hamiləliyinin sonuncu aylarında uşaq düşə bilər. Mən deyərdim, ən təhlükəli xəstəlik yalnız budur.

- Heyvan yemlərindən istifadə mütləqdirmi ?



Dədə-babadan necə idi ? Xüsusi yemlər yox idi. Pismi cücələrimiz vardı ? Bu, sadəcə marketinqdir.

Şəxsən mən Alabay ( it cinsi ) saxlayıram və onun yeməyini özüm hazırlayıram. Əgər mağazadan alsam, çox baha başa gələr.

Heyvanınız yeməkdən imtina edirsə, bu, sizə onun xəstəliyindən xəbər verir.

Əgər heyvanınız kefsizdirsə, gözləri qızarırsa, hərarəti varsa, ən əsası isə yeməkdən imtina edirsə, bu, sizə onun xəstəliyindən xəbər verir.

- Bəs ilkin tibbi yardım üçün evdə hansı dərmanlar saxlanmalıdır ?

Onlar uşaqdırlar. Uşaq üçün nə edirik ? Müəyyən antibiotiklərdən istifadə etməklə ilkin tibbi yardım göstərə bilərik. Amma sonra mütləq həkimə müraciət etmək lazımdır. Yanlış müalicə heyvanın ölümünə səbəb ola bilər.

- Qəbulunuza gətirilən heyvanlara fərq qoyursunuz ?

Əlbəttə, fərq qoyuram. Mən ağıllı heyvan xoşlayıram, çünki onlar başa düşür ki, həkimin əlindədirlər.




Ən çox diqqət və qayğını isə küçə heyvanlarına ayırıram. Kasıbdırlar axı... 

- Küçədəki pişiyə süd vermək olmaz ?

Bu sadəcə stereotipdir. Belə bir şey yoxdur. Əlbəttə,  olar.

- Başınıza gələn ən maraqlı hadisə ?

Çoxdur. Yadıma gəlir ki, bir nəfəri həkimlər sağalda bilmirdilər, mən düzgün diaqnoz qoydum. Bir dəfə isə Alabay itindən 22 bala çıxarmışıq əməliyyatla. Az qala rekordlar kitabına düşürdük.

Baytarın işi maraqlıdır. Elə olur ki, gecənin bir vaxtı heyvan doğur və səni çağırırlar (gülür)... Baytar həm də ölkənin hər yerini gəzir.

Yaxşı həkimi hər yerdə böyük hörmətlə qarşılayırlar. Savadlı baytarlarımız çox azdır. İnsan özünü təkmilləşdirməlidir.

- Ölkəmizdə heyvanlara olan münasibət sizi qane edir ?


Mən Gəncədəki vəziyyəti şərh edə bilərəm.

Qandinin bir sözü var: millətin mədəniyyətini həmin millətin heyvanlara qarşı olan münasibəti təyin edir.

Çox iri addımlarla inkişaf edirik. Biz 24 saat işləyirik və hər saatda da bizə müraciət edirlər.

- Bu qədər gərgin qrafiklə çalışmağınıza baxmayaraq, müsahibəyə vaxt ayırdığınız üçün minnətdarıq!

Sağ olun!

Foto:  Ali Fuad


Təsisçi və baş redaktor Nicat Dilqəmli: 070-725-45-65

Kateqoriyadan xəbərlər