• 28 c Bakı
  • 1.7 AZN

Jurnalistika həyatın özüdür - esse


  • 22-07-2021 00:54

Tələbə olmazdan əvvəl jurnalistikaya olan həvəsim mənim həyat yollarımı mətbuatla bağladı. Bu elə doğma bir bağ, elə bir bərk düyündür ki, heç kim və heç nə səni ondan ayıra bilməz. Bütün imkanlardan məhrum da olsan, bir kağız parçası tapıb oraya nə isə cızma-qara edəcəksən. Çünki jurnalistika yalnız peşə deyil, həvəsdir, maraqdır; insanın mənəvi dünyasına bağlı mistik varlıqdır jurnalistika. 

Təhsil aldığım dörd il ərzində bütün çətinliklərdən, maneələrdən yalnız zövq aldım, məqsədlərimə çatmaq üçün var gücümü səfərbər etdim. 

Doğrudur, özümü narahat hiss etdiyim vaxtlar az olmayıb. Bu da təbiidir. Çünki döyüş meydanına təzəcə atılmış bir gənc üçün savaşmaq elə də asan deyil. Lakin bütün bunlar yalnız stimul verdi mənə... Anlayırdım ki, mən hələ yolun başlanğıcındayam. Tənqid də olacaq, səhvlər da olacaq, çünki bu dövr sınaq müddətidir. Başa düşdüm ki, ya bu müddəti başa vurub hədəfimə çatacağam, ya da... 

Çünki nə qədər nəzəriyyəsini öyrənsən də, mənəvi tərəflərini də ruhuna hopdurmalısan bu peşənin. 

Bu isə mənim üçün daha asan oldu.  Əgər yanında peşəkar müəllimlərin varsa, bütün maneələri onların köməkliyi ilə büdrəmədən aşacaqsan.  

Artıq universitet həyatı geridə qaldı. Məzunu olduğum Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ömrümün sonuna qədər mənim üçün doğma, müqəddəs bir məkan olaraq qalacaqdır!  

Bu gün də qələmə aldığım hər bir yazıda, məqalədə, hazırladığım hər bir materialda ikiqat həyəcan hissi keçirirəm. Çünki bu, mənim müəllimlərim qarşısında imtahanımdır və sona qədər də belə qalacaq. 

Artıq yanlışlıqlarımı tələbə olmağımın üzərinə ata bilməyəcəyəm. Çünki indi meydanın düz ortasındayam və təkəm. 

İndi yalnız bircə yol var: irəli! 

Milli Mətbuat Günümüz mübarək!

Nicat Dilqəmli. 

Təsisçi və baş redaktor Nicat Dilqəmli: 070-725-45-65

Kateqoriyadan xəbərlər