• 28 c Bakı
  • 1.7 AZN

İqtisadçı: Qızılın qiyməti üç dəfə artacaq


  • 01-11-2021 17:42

Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması, ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası və diaqnostikası üçün dövlət rüsumunun dərəcələri dəyişir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, dövlət rüsumu qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanmasına görə 1 məmulat üçün 2 manatdan 3 manata, qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanmış məmulatların və tərkibində qiymətli metallar olan materialların ekspertizasına görə 1 ədəd üçün 2 manatdan 3 manata, qiymətli daşların adlarının, kütləsinin və keyfiyyətinin təyin edilməsinə görə hər bir daş üçün 20 qəpikdən 0,5 manata, qiymətli metal tərkibli məmulatların və materialların analiz edilməsinə görə 1 ədəd üçün 6 manatdan 10 manata qaldırılır.

Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatları istehsalçılarının ad damğalarının qeydiyyatına gəlincə, dövlət rüsumu ad damğasının ilk dəfə qeydiyyata alınması üçün 4 manatdan 10 manata, hər il yenidən qeydiyyata alınması üçün 2 manatdan 5 manata qaldırılır.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abasbəyli Nmedia.az-a bildirib ki, bu dəyişiklik ölkə bazarında qızıl məmulatlarının üç-dörd dəfə artmasına gətirib çıxaracaq:

"Bütün dünya ölkələrində son üç il ərzində tətbiq edilmiş pandemiya qadağaları dövründə belə neftin və digər enerji daşıyıcılarının qiymətlərinin aşağı düşdüyü halda qızılın qiymətində sabitlik, hətta bahalaşma müşahidə edilirdi.

Son illər ərzində, xüsusilə də ötən iki ay ərzində dünya birjalarında qızılın bir unsiya üzrə qiymətində 1700 dollardan 1740 dollara qədər bahalaşma müşahidə edilmişdir. Bu bahalaşma dünyada qızılın və qızıl məmulatlarının qiymətlərinin yüksəlməsinə gətirib çıxarırdı.

Azərbaycan kimi qızıl və qızıl məmulatlarını idxal edən ölkələrdə qiymətlərin dəyişməsi gözlənilən idi. Lakin son təklif edilən qərara, dəyişikliklərə əsasən, qızılın istehsalı zamanı təkrar istehsal üçün dəyərləndirilmə və lisenziyanın verilməsi məbləği təxminən 2.5 dəfə artırılır. Bu, 4 manatdan 10 manata qədər nəzərdə tutulub. İl ərzində yenidən qeydiyyata alınması üçün isə 2 manatdan 5 manata qədər yüksəldilib. Qızıl məmulatlarının pərakəndə satış məntəqələrində bir il ərzində eyni məhsulların təkrar qeydiyyatı çox az həcm təşkil edir, lakin bir dəfə qiymətləndirmə kifayət qədər yüksək vəsait tələb edir.

Bu dəyişiklikdən sonra daxili bazarda qiymətlərin 3 dəfə yüksələcəyi proqnozlaşdırılır".  

Təsisçi və baş redaktor Nicat Dilqəmli: 070-725-45-65

Kateqoriyadan xəbərlər