• 28 c Bakı
  • 1.7 AZN

Kişilik hormonu: elə ki azaldı, kişinin həm dünyaya, həm qadına marağı itəcək


  • 15-07-2021 18:32

Gündəmi bir neçə günlük Pantural adı ilə tanınan kinorejissor Tural Səfərovun qalmaqallı videosu zəbt etsə də, artıq məsələ tədricən unudulmağa doğru gedir. Öz çıxışında Pantural açıq-saçıq geyinən qadınlara qarşı zorakılıq tətbiq etməyi təklif edirdi. Cəmi bir gün sonra onun üzr istəməsini əks etdirən video da yayıldı, polisə çağırılmasının təbii nəticəsi kimi.

Hormonlar haqqında təzə eşidib...

Pantural videosunda çox qarışıq fikirlər səsləndirib, gah nala vurub, gah mıxa. Gah qadınların dalından “şap” vurmağı təklif edib, gah da əxlaqlı bir qadına görə hansısa şərəfsiz kişinin boğazını üzməyə hazır olduğunu bildirib. Kinorejissor hətta hormonlardan da danışıb. Yəni açıq-saçıq geyinən qadınlara olan aqressiv münasibətini məhz 3 hormonun – testosteron, serotonin və endorfinlə əlaqələndirib. Yəni kimisə zorlamaq həvəsinin, şəhvət hissinin onlarla əlaqəli olduğunu qeyd edib.

Panturalın videosu cəmiyyətdə qəzəblə qarşılandı, bunu təbii qəbul etməliyik. Onun hormonlarla bağlı fikirləri də istehza obyektinə çevrildi, “hormonlar haqında təzə eşidib, bilməyib bilgisini necə paylaşsın” kimi yazanlar da oldu.

Bəs bu adı hallanan hormonlar doğrudanmı bu qədər gücə malikdir? Yəni beyinin komandasına tabe oluruq ya hormonların əmrinə? Nəfsinə qalib gəlib açıq-saçıq geyinən qadına baxmamaq bu qədərmi çətindir? Yoxsa bu hormonlar kişini hansısa xanımın arxasınca mütləq aparacaq? Kimsə də səhər bu açıqlığı müşahidə edib axşam mütləq gecə klubu, barlara macəra dalınca gedəcək?

Elə ki testosteron azaldı, kişi də quruyacaq

Hormonal sistem və bu sistemin yaratdığı hormonlar insan davranışına təsir edən əsas faktorlardan biridir. Adı yuxarıda hallanan testosteron hormonu həm kişidə, həm də qadında olur. Sadəcə, kişi üçün bu əsas hormondur, onun spermatozoidlərinin, əzələ və sümük sisteminin formalaşmasında rolu əvəzsizdir. Qadın orqanizmində az miqdarda olur, müəyyən funksiyanı yerinə yetirir. Qadında testosteronun yüksək səviyyədə olması orqanizmə ziyan da vurur: əzələ artımına, tüklənməyə və menstrual siklin pozulmasına səbəb olur. Sonsuzluqdan əziyyət çəkən ailələrdə kişidən ilk növbədə iki analiz alınır: spermatozoidlərin aktivliyi yoxlanılır və testosteronun səviyyəsi ölçülür. Aşağı testosteron elə sonsuzluğa gətirib çıxaran faktorlardan biri kimi qiymətləndirilir.

Stress, oturaq həyat tərzi, düzgün olmayan qidalanma bu hormonun səviyyəsinə təsir edə bilir. Özü də illər ötdükcə kişilərdə “orta yaş böhranı” müşahidə olunur, bu zaman testosteronun səviyyəsi azalır, orqanizm daha da passivləşdirir. Yüksək səviyyəli testosteronun olması yaxşı haldır ya yox? Bir tərəfdən kişini kişi edən bu hormondur, nə qədər çox olsa, bir o qədər aktiv həyat sürəcək, çoxlu iş görəcək, pul qazanacaq, qadınlarla görüşəcək, evlənəcək, boşanacaq. Elə ki testosteron azaldı, kişi də quruyacaq, həm dünyaya, həm qadına marağı itəcək, beyni tərki-dünyalıq fikirləri ilə dolacaq. Başlayacaq gənclərə “ağıllı” məsləhət verməyə, adət-ənənə, milli-mental dəyərlər, abır-həya kimi işləri önə çəkəcək. Heç vaxt maraqlanmadığı din onun üçün əhəmiyyət kəsb edəcək. Cavanlıqda qızlara söz atmasını, içki içib özünü itirməsini, gecələr restoran və kafelərdə əylənməsini  də unudacaq.